Cümə günü “Bank Respublika” ASC hərracda 15 milyon manat məbləğində istiqrazları yerləşdirib. Bu barədə Bakı Fond Birjasından məlumat verilir.
“Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 15 milyon manat təşkiledib”, - birjadan vurğulanır.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, emissiya nominal dəyəri 1 min manat olan 15 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 2 il, illik faiz dərəcəsi – 8,5% (kupon faizlərinin ödəniş müddəti – 6 aydan birdir) təşkil edir.
İstiqrazların yerləşdirilməsindən vəsaiti bank kredit portfelinin genişləndirilməsi və bir sıra layihələrin maliyyələşməsinə yönəldəcək.
“Bank Respublika” ASC 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur. **
X.Nəsirzadə