Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda təlimlər keçirəcək.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev HDQ-də kompleks yoxlamanın nəticələrinə dair xidməti müşavirə zamanı bu təlimlərə hazırlıqla bağlı müvafiq göstərişlər verib. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib”, - nazirlliyin məlumatında deyilir.
Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib. Gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib. Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib. **
R.Kərimov