21-22 fevral tarixlərində Qətərdə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclası və GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammiti keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib. Nazir cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək GECF-in Nazirlər İclasında və GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
“GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova