Prezident İlham Əliyev Birləşmiş Krallığın Baş naziri Boris Consonu Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
“Otuz il ərzində iqtisadi sahədə əldə olunan nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş təbrik məktubunda bildirilir.
İ.Əliyev qeyd edib ki, Bakı Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edir.
Öz növbəsində, Baş nazir Boris Conson Böyük Britaniya və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
O, Bakı ilə London arasında münasibətlərin daha da inkişaf edəcəyini böyük ümidlə gözlədiyini qeyd edib. “Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm”, - deyə B.Conson vurğulayıb.*
E.Şəfiyev