Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
P.Şahbazov fevralın 21-də Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib. Nazir çıxışında yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna toxunub.
“Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, istismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib.
P.Şahbazov əlavə edib ki, Azərbaycan özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etmək üçün zəngin potensiala malikdir.
Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan da bəhs edib. O, bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib.
P.Şahbazov iqlim dəyişikliyinə qarşı mübarizənin vacib, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyinin də zəruri olduğunu diqqətə çatdırıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəməri (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik qaz kəməri (TAP).
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.
2021-ci ildə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.*
N.Abbasova