Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Qarabağ ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərin, habelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı məsələlərə də toxunulub.
Bu ilin aprelində qeyd olunan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 30 illiyini nəzərə alaraq, Vladimir Putin Nikol Paşinyanı RF-yə rəsmi səfərə dəvət edib. “Dəvət minnətdarlıqla qəbul edilib”, - deyə məlumatda qeyd olunur.*