2021-ci ildə “Ani Ödənişlər Sistemi” (AÖS) platformasında “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 7.9 milyon manat olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“QR kod” vasitəsilə ödənişlərin həyata keçirilməsinə 2021-ci ildə başlanılıb.
AMB-nin məlumatına görə, 2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2.3 min ədəd olub.
Ani Ödənişlər Sistemi 2020-ci il oktyabrın 1-dən real rejimdə istismara verilib. AÖS ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistemin yaradılması ilə İsveçrənin “CMA Small Systems AB” şirkəti məşğul olub. Hazırda AÖS-ə 21 bank, “Azərpoçt” MMC və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.
Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.*
R.Əhmədov