Dövlət Sərhəd Xidməti (DSX) Astara rayonu ərazisində narkotik qaçaqmalçılarının saxlanılması və 17 kq-a yaxın narkotik vasitənin aşkarlanaraq götürülməsi barədə məlumat yayıb.
“Fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilən 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib”, - deyə məlumatda bildirilir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
“Onların Astara rayon sakinləri - 1978-ci il təvəllüdlü Qurban Ağayev və Gülşən Ağayeva olmaları müəyyənləşdirilib, saxlama zamanı Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib”, - deyə məlumatda qeyd olunur.
Hadisə yerindən götürülən kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kq 90 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkarlanıb.
Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib, Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilib və qarajında rəflərin arasında gizlədilən 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.*
E.Şəfiyev