Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyəyə çatır, RF Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında əsas rol oynayır. Bunu Prezident İlham Əliyev deyib.
“Münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır”, - deyə İ.Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
O xatırladıb ki, Rusiya Qarabağ münaqişəsinə son qoyulmasında və onun siyasi-diplomatik yolla həllinin başlanmasında mühüm rol oynayıb.
“Regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır”, - deyə İ.Əliyev bildirib.*