Bakı İrəvandan Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı öhdəliyi tam yerinə yetirməsini tələb edir. Bunu Prezident İlham Əliyev deyib.
“Biz gözləyirik ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək”, - deyə İ.Əliyev bu gün Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan müharibə başa çatdıqdan bir il sonra artıq Ermənistanla iki beynəlxalq format çərçivəsində əməkdaşlıq edir ki, bu da Azərbaycan tərəfinin niyyətlərinin göstəricisidir.
“Bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”, - deyə dövlət başçısı bildirib.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası mövzusuna toxunan İ.Əliyev əlavə edib ki, 14 Rusiya şirkəti həmin ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edib.*