Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasında imzalanmış Müttəfiqlik haqqında bəyannamənin məzmununu şərh edib.
“Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik”, - deyə İ.Əliyev bu gün Moskvada bəyannamənin imzalanması mərasimində bildirib.
O əlavə edib ki, Bakı və Moskva xüsusilə nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
“Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq. Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik”, - deyə Azərbaycan lideri qeyd edib.*
E.Şəfiyev