2022-ci ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,7% - 17 milyard 242,1 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin həcmi 706,5 milyon manat (azalma 1,8%) və ya bütün kreditlərin 4,1%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
2022-ci il yanvarın 31-nə dövlətin payı olan banklar tərəfindən 3 milyard 394,9 milyon manat (artım 1,9%) və ya bütün kreditlərin 19,7%-i, özəl banklar tərəfindən 13 milyard 386,5 milyon manat (artım 0,5%) və ya bütün kreditlərin 77,6%-i həcmində kredit verilib. Qalan 460,7 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Fevral ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 12 milyard 817,8 milyon manat (artım 1%) milli valyuta, 4 milyard 424,3 milyon manat (artım 0,02%) xarici valyuta ilə verilib. Fevralın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 25,7% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 971,1 milyon manat (bütün kreditlərin 17,2%-i) ticarət və xidmət sahələrinin, 737,8 milyon manat (4,3%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 595,8 milyon manat (3,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 910,4 milyon manat (5,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 959,8 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 744,6 milyon manat (4,3%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 767,7 milyon manat (50,9%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvarda bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 1,9% artıb.*
X.Nəsirzadə