2022-ci ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 4,3% - 9 milyard 635,8 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 0,06% - 3 milyard 787,1 milyon manatadək və ya bütün əmanətlərin 39,3%-i səviyyəsində azalıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib).
Əhalinin milli valyutada əmanətlərinin həcmi 7,3% - 5 milyard 848,6 milyon manatadək (bütün əmanətlərin 60,7%-i) artıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 341,7 milyon manat, qeyri-rezidentlərin – 294,1 milyon manat təşkil edir. Yanvarda rezidentlərin əmanətlərinin həcmi 4,5% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,4% azalıb.
Yanvarın 31-nə banklarda əmanət və depozitlərin həcmi 29 milyard 17 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,04% azdır.*
X.Nəsirzadə