SOCAR yaxın vaxtlarda qaz sayğaclarının göstəricilərinin oxunmasında süni intellektdən istifadə etməyi planlaşdırır. Bunu SOCAR-ın İnformasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.
“Qaz sayğaclarının göstəricilərinin oxunmasında süni intellekt həllindən istifadə olunacaq. Sınaqlar tamamlanıb və bu yaxınlarda tətbiqi planlaşdırılır”, - deyə o, bu gün “IV Sənaye İnqilabında trendlər” mövzusunda keçirilən tədbirdə bildirib.
F.Əliyevin sözlərinə görə, aparılan sınaqların nəticələrinin müsbət göstəriciləri 90% üzərindədir.
“Biz bilirik ki, abonentlərin qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı çətinliklər var. Tətbiqi planlaşdırılan həll imkan verəcək ki, abonent öz smartfonu ilə qaz sayğacının şəklini çəkməklə biz onun qaz istifadəsi ilə bağlı məlumatlarını əldə edə bilək”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə