Kənd təsərrüfatı naziri İnam Kərimov Tacikistana səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Zavki Zakizoda və kənd təsərrüfatı naziri Sulaymon Ziyozoda ilə görüşüb.
Görüşlərdə Tacikistan tərəfi Azərbaycanın texnologiyalar parkı və aqroparkların yaradılmasında böyük təcrübəsi olduğunu, tacik iş adamlarının bu təcrübədən yararlanmaq istədiyini bildirib.
“Bundan başqa, Azərbaycan iş adamlarının Tacikistanda yaradılan azad iqtisadi zonalara sərmayə yatırması təklif olunub. Bildirilib ki, bu addımlar iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verəcək”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Eyni zamanda, Tacikistan tərəfi Azərbaycanın heyvandarlıqda süni mayalanma və bitkiçilik, meyvəçilik, istixana şəraitində tərəvəz istehsalı təcrübəsinə də ciddi maraq göstərir.
Görüşlərdə Azərbaycanın qeyd olunan sahələrdə, o cümlədən kənd təsərrüfatının elektronlaşdırılması sahəsində təcrübəsini Tacikistanla bölüşməyə hazır olduğu vurğulanıb.
“Tərəflər sitrus bağlarının salınması, şərabçılıq, konserv istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını, bu sahəyə dair qarşılıqlı təcrübə mübadiləsi aparılmasını vacib sayıblar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə