2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına 74 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 35,3%-i Rusiya Federasiyası, 24,1%-i Türkiyə, 12,9%-i İran, 5,6%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, hər birindən 1,1% olmaqla Böyük Britaniya və Küveyt, 0,9%-i Qazaxıstan, 0,8%-i Oman, hər birindən 0,6% olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 81,2%-ni kişilər, 18,8%-ni qadınlar təşkil edib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4%-i dəmir yolu və avtomobil, 55,5%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 25,8%-i Rusiya Federasiyasına, 8,0%-i Gürcüstana, 9,7%-i İrana, 17,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 67,8%-ni kişilər, 32,2%-ni qadınlar təşkil edib.
“2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2%-i dəmir yolu və avtomobil, 66,3%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev