Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir. Bu barədə Xarici İşlər Nazirliyinin müraciətində bildirilir.
“Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir. Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər”, - deyə müraciətdə qeyd olunur.
Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.*
E.Şəfiyev