Dövlət Vergi Xidməti (DVX) 2022-ci ildə ticarət və xidmət obyektlərinin yeni nəsil kassa aparatları ilə təmin edilməsini başa çatdırmağı planlaşdırır. Bunu DVX-nin rəisi Orxan Nəzərli deyib.
“Yeni nəsil kassa aparatlarının tətbiqi işgüzar münasibətlərdə süni intellektə əsaslanan texnologiyanın istifadəsi üçün unikal imkanlar yaradır. Təsərrüfat subyektlərində 52 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb. Bu il bütün obyektlərin həmin aparatlarla təmin edilməsini hədəfləmişik”, - deyə o, bu gün videoformatda keçirilən “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda konfransda bildirib.
O.Nəzərli qeyd edib ki, 2021-ci ilin yekunları üzrə yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb.
DVX rəisi, həmçinin “edv geri al” layihəsinin rolunu da qeyd edib. Onun sözlərinə görə, 2021-ci ildə 138,5 milyon manat əlavə dəyər vergisi (2020-ci ildə 33,4 milyon manat) istehlakçılara geri qaytarılıb.*
X.Nəsirzadə