SOCAR-ın Karbamid zavodu (SOCAR Carbamide Plant) 2021-ci ildə karbamid istehsalını təxminən 3 dəfə - 355 min tona qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu müəssisənin baş direktoru Xəyal Cəfərov deyib.
“SOCAR Carbamide Plant 2020-ci ildə təxminən 120 min ton karbamid istehsal etmişdisə, 2021-ci ildə bu rəqəm 355 min ton olub. Beləliklə, istehsalın həcmi keçən il təxminən 3 dəfə artıb. Bu, müəssisənin 2021-ci ilin may ayından tam gücü ilə işləməsi sayəsində mümkün olub. Hazırda SOCAR Carbamide Plant 94%-lə işləyir”, - deyə X.Cəfərov SOCAR-ın teleqram kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, karbamidin daxili bazarda satış həcmi 2020-ci ildəki 40 min tona qarşı 2021-ci ildə 48 min ton (artım 20%) təşkil edib. 2020-ci ildə 70 min ton karbamidə qarşı keçən il 323 min tondan çox karbamid (artım 4,6 dəfə) ixrac edilib.
“Bununla yanaşı, 2021-ci ildə ümumi gəlirlərimiz 225 milyon manatı ötüb (2020-ci ildə 35 milyon manat). Bunun əsas səbəbi dünya bazarlarında karbamidə tələbatın və qiymətlərin kəskin artması ilə bağlıdır. Xüsusilə, əgər 2020-ci ildə Qara dəniz bazarında bir ton karbamidin satış qiyməti 220-230 dollar təşkil edirdisə, artıq ötən ilin sonuna bu rəqəm 750-850 dollara qədər artıb”, - deyə o əlavə edib.
Baş direktorun sözlərinə görə, SOCAR Carbamide 2021-ci ilin yekunları üzrə ixrac gəlirləri və həcmlərinə görə Azərbaycanda qeyri-neft məhsullarının ixracatçıları arasında altıncı, dekabr ayında isə ixrac gəlirlərinin həcminə görə üçüncü yerdə qərarlaşıb.
Bununla yanaşı, X.Cəfərov vurğulayıb ki, zavodun əsas vəzifəsi daxili bazarın karbamidə tələbatını 100% təmin etməkdir. Bu məqsədlə fermerlər üçün karbamidin qiyməti 420 manat (təxminən $250) səviyyəsində qalıb.
“Ümid edirik ki, şanlı qələbədən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra karbamidin daxili bazarda satış həcmi kəskin şəkildə artacaq və biz Qarabağın və bu bölgədə kənd təsərrüfatının inkişafına öz böyük töhfəmizi verəcəyik”, - deyə X.Cəfərov vurğulayıb.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, illik 500 min tonadək hazır məhsul ixraca göndəriləcək. Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.*
N.Abbasova