Qarabağ müharibəsindən sonra Bakı 1700-dən çox erməni hərbçinin qalıqlarını İrəvana təhvil verib. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“2020-ci ilin noyabr ayından etibarən Azərbaycan hərbçiləri azad edilmiş ərazilərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların nümayəndələrinin dəstəyi ilə 1711 erməni hərbçisinin cəsədini aşkarlayaraq Ermənistan tərəfinə təhvil veriblər”, - deyə C.Bayramov bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, beləliklə, Azərbaycan müharibə qanunlarına necə əməl etmək lazım olduğunu nümayiş etdirib, Ermənistan isə bu etikadan uzaqdır.
“Həlak olanların yaxınlarının emosiyaları ilə oynamaq olmaz. Bu, qeyri-etikdir. Azərbaycan bununla bağlı çoxsaylı müraciətlər edib və bu məsələdə mövqeyimiz xüsusilə 44 günlük müharibədən sonra aydın idi. Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa etdikdən sonra bir çox beynəlxalq təşkilatların nümayəndələri həmin ərazilərə baş çəkiblər və çoxlu sayda kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə, dünən isə Xocavəndin kəndlərindən birində tapılıb. Bu insanlar 30 il bundan əvvəl qətlə yetirilərək basdırılıblar, lakin təəssüf ki, Ermənistanın bu məsələdə əməkdaşlıq etmək istəyini indi də müşahidə etmirik. Bu cür davranış Ermənistanın hərbi strategiyasının tərkib hissəsidir”, - deyə XİN başçısı vurğulayıb.*
E.Şəfiyev