“Bank VTB (Azerbaijan)” hazırda əsas maliyyə xidmətlərinin göstərilməsini davam etdirir, sanksiyalar müştəri vəsaitlərinin əlçatanlığına təsir göstərmir. Bu barədə kredit təşkilatının açıqlamasında deyilir.
“Bank hazırda yüksək likvidlik və kapital səviyyəsini saxlamaqla əsas maliyyə xidmətlərinin göstərilməsini davam etdirir. Qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin təhlükəsizliyinə və saxlanılmasına təsir göstərmir. Bütün hesablar aktivdir və həm bankın filiallarında, həm də məsafəli kanallar vasitəsilə müştəri vəsaitləri əlçatandır. Həmin vəsaitlərdən Azərbaycan ərazisində bütün əməliyyatları milli valyuta ilə aparmaq üçün əvvəlki kimi tam həcmdə istifadə oluna bilər. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir”, - deyə bankın Facebook səhifəsində dərc olunmuş açıqlamada bildirilir.
Bundan əlavə, ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarmaq mümkündür.
“Bankın ödəniş kartlarının xaricdə fəaliyyəti davam edir və istənilən zaman vəsaiti nağdlaşdırmaq mümkündür. Hüquqi şəxslərə bankda təşkilatınıza xidmət göstərilməsi çərçivəsində ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti imtina etməyi tövsiyyə edirik. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcək”, - deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, fevralın 25-də ABŞ və Böyük Britaniya VTB-yə qarşı sanksiya tətbiq edib.*
R.Kərimov