Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində I Qarabağ müharibəsi zamanı həlak olan azərbaycanlıların kütləvi məzarlıqları aşkar edilib. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilir.
“I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib”, - Dövlət Komissiyasından bildirilir.
Qeyd olunur ki, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilib.
Komitədən vurğulanır ki, Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir.
“Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib. Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılıb. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılıb və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. **