Türkiyənin vitse-prezidenti Fuad Oktay Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Bu barədə “Anadolu” nəşri yazır.
“Xocalıda 30 il öncə yaşanan vəhşiliklər hələ də ürəklərimizi dağlamağa davam edir. Erməni zülmündə həyatını itirən qardaşlarımıza rəhmət diləyirik. Ruhları şad olsun. Unutmadık, unutmayacağıq!”, - nəşr Oktayın Twitter hesabına istinadən yazır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir. **