Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Xocalı soyqırımı qurbanlarının yaxınlarına başsağlığı verib.
“30 il əvvəl Xocalıda ailələrini, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm», - Nümayəndəliyin Facebook səhifəsində Mixalkonun sözlərindən sitat gətirilir.
“Biz hamımız davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir də heç vaxt təkrarlanmasın”, - Mixalko əlavə edib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir. **
R.Kərimov