Rəsmi Bakı bundan sonra da davamlı sülh və təhlükəsizliyin təminatı məqsədilə BMT ilə əməkdaşlıq edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.
“Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək”, - XİN-in bəyanatında qeyd olunur.
XİN qeyd edir ki, Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib.
Vurğulanır ki, 20-ci əsri 90-cı illərində Azərbaycan ərazilərinin silahlı təcavüzə məruz qalması dövründə, işğalın yaratdığı ağır humanitar fəsadların aradan qaldırılması istiqamətində BMT tərəfindən Azərbaycana əhəmiyyətli dəstək göstərilib.
“Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir”, - XİN-dən bildirilir. **
X.Nəsirzadə