Bakı gələcəkdə gərginləşmənin qarşısını almaq məqsədilə Kiyev və Moskvanı birbaşa dialoqu davam etdirməyə çağırır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib. “Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təxirə salınmadan dialoqa çağırışını təkrarlayır və tərəflər arasında birbaşa danışıqların aparılmasının zəruriliyini vurğulayır”,- Bayramov Jenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışına bildirib.
Bayramovun çıxışı videokonfrans formatında baş tutub.
“Azərbaycan Ukraynada, xüsusilə mülki əhali arasında ciddi itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirir. Mülki insanların həyatı, mülki infrastruktur qorunmalı və insan hüquqlarına hər zaman hörmət edilməlidir. Orada yaranmaqda olan humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini azaltmaq üçün məqsədəuyğun tədbirlər tələb edir. Bu anlayışdan çıxış edərək Azərbaycan artıq ikitərəfli əsasda Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər ilkin ehtiyac olan humanitar yardım göndərib”, XİN başçısı qeyd edib. **
E.Şəfiyev