“Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib ki, cümə axşamı Ukraynanı tərk edərək qonşu ölkələrə daxil olan həmvətənlərimizin təxliyəsi üçün Rumıniyadan reys yerinə yetirəcək.
“Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha - 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib (Bakı vaxtı ilə saat 13:00)”, - AZAL Facebook-da məlumat verir.
Həmçinin, qeyd olunub ki, həmvətənlərimizin daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulur.
Şirkətdən əlavə edilib ki, AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
Öncə, martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirərək, 176 Azərbaycan vətəndaşının Vətənə geri qayıtmasını təmin edib.
Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək əlavə olaraq çarter reysləri təşkil olunur. AZAL-dan bildirilir ki, 28 fevral və 2 mart tarixlərində həmin reyslər vasitəsilə 336 Azərbaycan vətəndaşı gətirilib. **
R.Kərimov