Prezident İlham Əliyev bildirib ki, Bakı inkişaf etməlidir, lakin bu inkişaf planlı şəkildə və vahid memarlıq konsepsiyası əsasında olmalıdır.
“Biz Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq”, - deyə dövlət başçısı martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
İ.Əliyev əlavə edib: “Bakıda yeni inşa edilən binalar - istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin”.
Prezident dövlət qurumlarını və sahibkarları xəbərdar edib ki, Bakıda qanunsuz tikililərə yol verməyəcək. “Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiyası əsasında inkişaf edəcək”, - deyə o vurğulayıb.
İ.Əliyev qeyd edib ki, yeni sədrin üzərinə böyük məsuliyyət düşür.
“Bir daha demək istəyirəm ki, sizin üzərinizə böyük vəzifə düşür. İçərişəhər bizim milli sərvətimizdir, bu sərvəti biz qorumalıyıq və qoruyacağıq. Sizə işinizdə uğurlar arzulayıram”, - deyə dövlət başçısı bildirib.*
E.Şəfiyev