Energetika naziri Pərviz Şahbazov və Rumıniyanın energetika naziri Virgil Daniel Popesku Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsini müzakirə ediblər.
P.Şahbazov martın 3-də Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
“Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsi nəzərdən keçirilib”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Rumıniya layihə üzrə hazırda formalaşdırılan İşçi Qrupunda iştiraka dəvət edilib.
P.Şahbazov qeyd edib ki, hazırda həyata keçirilən bərpa olunan enerji layihələri və dənizdə külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlar gələcəkdə Avropa ilə əməkdaşlıqda Azərbaycanı “yaşıl enerji” mənbələrindən istehsal ediləcək elektrik enerjisinin və hidrogenin ixracı sahəsində də mühüm tərəfdaşa çevirə bilər.
Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının digər perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov