SOCAR və Rumıniyanın “Transgaz” şirkətləri qaz sahəsində əməkdaşlığa Qarşılıqlı Anlaşma Memorandumunun müddətini daha 6 il – 2029-cu ilədək uzadılmasına dair sənəd imzalayıb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf məlumat verib.
“SOCAR və “Transgaz” 2016-cı ildə imzalanmış Qarşılıqlı Anlaşma Memorandumun müddətinin daha 6 il uzadılmasına dair sənəd imzalayıb”, - Nəcəf Twitter hesabında yazıb.
O məlumat verib ki, sənəd 3 mart tarixində SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüş zamanı imzalanıb.
“Görüş çərçivəsində enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib", - Nəcəf qeyd edib.
Popesku öz Facebook səhifəsində yazıb ki, Cabbarov ilə görüş zamanı qaz və elektrik enerjisi məsələləri ilə bağlı “faydalı və praktiki müzakirə” baş tutub. “Biz SOCAR-ın Rumıniyada sərmayələrinin genişləndirilməsini təşviq etdiyimizi təkrarladıq”, - Popesku yazıb.
“Hazırki şəraitdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsiziyinin möhkəmlənməsi amilli və xüsusilə qaz təchizatının şaxələnməsinin çoxdan gözlənilən alətidir”, - Popesku qeyd edib.
Xəbər verildiyi kimi, 19 iyul 2016-cı il tarixində SOCAR (Azərbycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Rumıniyanın "Transqaz" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda şirkətlər arasında qazın nəqli, eləcə də Rumıniyanın potensialından istifadə olunmaqla qazın tranziti məsələlərində əməkdaşlıq nəzərdə tutulur.
Bundan başqa, sənəd uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələləri nəzərdə tutur. **
N.Abbasova