2022-ci ilin yanvar ayında Azərbaycan 2 milyard kubmetr qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə Türkiyəyə 0,8 milyard kubmetr, Avropaya 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrdən çox qaz nəql olunub.
“2022-ci ilin yanvar ayında ölkədə 4,1 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Qazın 1,2 milyard kubmetri AÇG-dən, 2,2 milyard kubmetri “Şahdəniz”dən, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub”, - deyə məlumatda bildirilir.
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kubmetrdən çox, “Şahdəniz”dən isə 160 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 110 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib.*
N.Abbasova