Azərbaycan hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə qüvvədə olan xüsusi karantin rejimi dövründə tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına dair qərar qəbul edib.
“Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il 6 mart tarixindən etibarən aşağıdakılara icazə verilir: dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; masaj xidmətlərinin göstərilməsinə; sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Həmçinin, Nazirlər Kabinetinin qərarı ilə aşağıdakı məhdudiyyətlər ləğv edilir: mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti.
Bundan başqa, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti; ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət ləğv edilir.
Xəbər verildiyi kimi, Azərbaycanda COVİD-19 ilə əlaqədar xüsusi karantin rejimi 1 may 2022-ci ilədək uzadılıb. **
N.Abbasova