Bazar günü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionundakı qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələriistiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub”, - məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən “adekvat cavab tədbirləri” görülüb.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
“Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - nazirlikdən vurğulanır. **
R.Kərimov