Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
“Prezident Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirib, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğulayıb”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
İ.Əliyev Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edib.
“E.Nikolson iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxunub”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub.*
E.Şəfiyev