Qazaxıstan Respublikasının “Samruk-Kazyna” SC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün birgə müəssisənin yaradılması haqqında protokol imzalanıb. Bu barədə SC-nin məlumatında deyilir.
Sənəd “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyətinin bu gün Bakıya səfəri çərçivəsində imzalanıb.
“Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi, yüklərin bəyan edilməsi ilə bağlı məsələlərin həllinə, vahid İT-həllərin tətbiqinə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
Qazaxıstan nümayəndələri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı - birinci vitse-prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslərlə söhbət zamanı Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif ediblər.
Tərəflər Azərbaycan ərazisindən neftin nəqli sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu və bunun mövcud marşrutlara alternativ ola biləcəyini qeyd ediblər.
Qazaxıstan nümayəndə heyətinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü zamanı ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb.
“Qeyd olunub ki, regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir”, - deyə məlumatda bildirilir.
Görüşdə vurğulanıb ki, Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real şərtlər yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12 günə qədər azaltmağa imkan verib.*