Cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib ki, Ukraynadan 5 min nəfərdən çox vətəndaşımız i Azərbaycana təxliyə olunub.
XİN-dən qeyd edilir ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilib.
Həmçinin, XİN-dən məlumat verilir ki, Azərbaycan prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət Kişineu şəhərinə (Moldova) ezam olunub. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb. Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.
Bundan başqa, Azərbaycan prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub. **
B.Rüstəmbəyov