Azərbaycan və Qazaxıstan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi məsələləri müzakirə edilib.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı məsələləri ilə bağlı görüş keçirib.
“Tərəflər 2022-ci ildə TBNM ilə daşınması proqnozlaşdırılan yük həcmlərini, dəmir yollarının hissələri və Xəzər dənizi üzrə ötürülmə qabiliyyəti, əlavə yük axınlarının istiqamətləndirilməsi şərtləri, “Orta dəhliz”in və birgə müəssisələrin yaradılması məsələlərini müzakirə ediblər”, - Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat verir.
Qazaxıstan ixracatçılarının yüklərinin TBNM-ə yenidən istiqamətləndirməsi barədə söz açan Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Berik Kamaliyev qeyd edib ki, bu günə ixraca yönələn 2 milyon ton hazır Qazaxıstan yükü Transxəzər marşrutu ilə daşınmaya hazırdır.
Bundan əlavə, nazirliyin nümayəndəsi Azərbaycan tərəfinə TBNM-də avtomobil yük daşımalarını birgə inkişaf etdirməyi, həmçinin iki ölkə arasında aviareyslərin sayını artırmağı nəzərdən keçirməyi təklif edib. “Bu təşəbbüs Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfində müsbət qarşılanıb. Görüşün yekunlarına dair iştirakçılar tranzitin inkişafı üzrə işçi qrupunun yaradılmasına dair qərar qəbul ediblər”, - nazirlikdən vurğulanır. **
R.Əhmədov