Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Yerli inkişaf və logistika komponentinin icrasına texniki dəstək” layihəsi çərçivəsində məsləhətçi seçir. Bu barədə Agentliyin elanında deyilir.
Layihənin məqsədi Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat əlaqəsinin təmin edilməsi və bazarlara çıxışın yaxşılaşdırılmasıdır. Layihə 2 komponentdən ibarətdir: 1) Yolkənarı logistik və bazar xidmətlərinin təkmilləşdirilməsi. 2) Məsləhət və təlim təşəbbüslərinin həyata keçirilməsi.
Məsləhətçinin vəzifələri bunlardır: yerli iqtisadi inkişaf və dövlət investisiyaları vasitəsilə mikro və kiçik fermerlərə/sahibkarlara dəstəklə bağlı yerli imkanlar barəsində qiymətləndirmənin aparılması; maraqlı tərəflərin xəritələşdirilməsi və məlumatların toplanması; layihə yolu boyunca yol kənarında logistika və bazar obyektlərinin tikintisi, bərpası və təchizatı üçün ilkin və yekun layihələndirmə və texniki şərtlər paketlərinin hazırlanması; layihə çərçivəsində bütün fəaliyyətlərin icra prosesinin monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması və s.
Tapşırığın icra müddəti 40 aydır (2022-ci ilin sentyabr ayından 2025-ci ilin dekabr ayınadək).
Telefon: (+994 12) 499 79 02;mehman.babaxanov@azeravtoyol.gov.az;saadat.aliyeva@azeravtoyol.gov.az
“Yerli inkişaf və logistika komponentinin icrasına texniki dəstək” layihəsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı Qrupuna daxildir) krediti hesabına həyata keçirilən Regional Yollar və İnkişaf Layihəsinin komponentidir.
Regional Yollar və İnkişaf Layihəsi Yenikənd-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan insanlar (250 min nəfərə yaxın) təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.
Yenikənd-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri $95,88 milyon təşkil edir.*
N.Abbasova