2022-ci ilin fevral ayında Azərbaycanda inflyasiya cari ilin yanvar ayında qeydə alınmış 1,6% səviyyəsində inflyasiyaya qarşı 1,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Fevral ayında respublikada inflyasiya 1,1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin fevral ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 11,9% təşkil edib.
Statistik məlumatlara görə, fevralda ət və ət məhsulları 1,9%, çörək və çörək məmulatları 2,1%, meyvələr 4,8%, tərəvəzlər 4,4%, spirtli içkilər 1,8%, süd məhsulları 1,4%, balıq məhsulları 1,3%, tütün məmulatları 0,2% bahalaşıb.
Hesabat ayında yumurta 4,5% ucuzlaşıb.
Fevral ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,2% (2022-ci ilin yanvar ayının sonuna 12,5%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 17,2%, qeyri-ərzaq malları üzrə 6%, xidmətlər üzrə 10,2% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4%-dək azalacağını proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6%-7,1% təşkil edəcək.*
R.Əhmədov