Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
“C.Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Bu xüsusda, o, Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
XİN başçısı Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri də qeyd edib. Azərbaycanın Avropa İttifaqı ilə sazişin yekunlaşmasına əhəmiyyət verdiyi qeyd edilib.
“A.Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
E.Şəfiyev