Bakı və Tehran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda baş tutub.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.*