Azərbaycan regionda mehriban qonşuluq münasibətlərinin inkişafına tərəfdardır və bunun üçün müvafiq addımlar atır. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu xarici işlər naziri Ceyhun BayramovAntalya Diplomatiya Forumunda çıxışı zamanı bildirib.
“Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlərinin normallaşmasını istəyirik. Bunun üçün əlimizdən gələni edirik. Mehriban qonşuluq münasibətlərinin inkişafı hərtərəfli və möhkəm sülh üçün lazımdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarıdır”, - deyə nazir bildirib.
C.Bayramov vurğulayıb ki, regionda bu cür ikitərəfli və çoxtərəfli əlaqələr əməkdaşlığın yeni səviyyəsi üçün zəmin yaradır.
O bəyan edib ki, Bakı İrəvana münasibətlərin normallaşdırılması ilə bağlı yeni təklif təqdim edib, Azərbaycanın məqsədi regionda dayanıqlı sülhün bərqərar olmasıdır.
XİN başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıb.
“İndiki vəziyyət bizi o qədər də qane etmir, lakin mənzərə müharibədən əvvəlki vəziyyətlə müqayisədə daha müsbətdir. Danışıqlar prosesi gözlədiyimizdən daha çox vaxt apara bilər. Lakin Azərbaycan nəqliyyat və kommunikasiya kimi sahələrdə əlaqələrin inkişafı üçün yeni addımlar atır”, - deyə C.Bayramov bildirib.
O qeyd edib ki, Ermənistanla açıq əlaqələrin qurulması müharibədən sonra Azərbaycanın əsas məqsədlərindən biridir.
“Normallaşma üçün bir addım kifayət etməyəcək. Biz ölkələr arasında fəal əlaqə kanallarının formalaşdırılmasını müzakirə etməliyik. Açıq və aydın əlaqəni təmin etmək iqtidarında olmalıyıq”, - deyə nazir hesab edir.
C.Bayramov əmin olduğunu bildirib ki, ölkələr arasında əlaqələrin qurulmasından başqa çıxış yolu yoxdur.*