2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard 952,2 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 854.3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,6%), 3 milyard 97,9 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,5%) satılıb.
2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 55,4%-i ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 15,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2% artıb, fərdi sahibkarlar üzrə 0,4%, bazar və yarmarkalarda 0,1% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb.**
N.Abbasova