2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 774,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 733,5 milyon manat məbləğində heyvandarlıq, 41,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,5%, bitkiçilik məhsullarının istehsal həcmi 14,1% artıb.
Yanvar-fevralda respublikada 87,9 min ton ət (artım 3%), 318,8 min ton süd (artım 1,5%), 306,3 milyon ədəd yumurta (artım 1,6%) istehsal edilib.
Hazırda ölkənin tarla, bağ və üzümlüklərində yazlıq bitkilərin əkininə başlanılıb.
DSK-nın ilkin məlumatına görə, martın 1-nə 2022-ci ilin məhsulu üçün 53,4 min hektar, həmçiin 7,5 min hektar dənli və paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,4 min hektar kartof, 10,3 min hektar tərəvəz, 21,1 min hektar çoxillik bitkilər əkilib.
Yanvar-fevralda təsərrüfatlar tərəfindən 39,2 min ton tərəvəz istehsal edilib, bu da 2021-ci ilin analoji dövrüdən 16,6% çoxdur.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə