Prezident İlham Əliyev bəyan edib ki, işğaldan azad edilmiş ərazilər bərpaolunan enerji mənbələri baxımından böyük potensiala malikdir.
“Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər”, - deyə dövlət başçısı bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
O qeyd edib ki, keçən il işğaldan azad edilmiş ərazilərdə 4 su elektrik stansiyası bərpa edilib. “İşğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıb”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev