2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın beynəlxalq hava limanları üzrə sərnişin axını 546 min nəfər təşkil edib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Ümumilikdə ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. 2022-ci ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur”, - deyə məlumatda bildirilir.
Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38%-ni və 12%-ni təşkil edir.
2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.
2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 2 dəfə çoxdur.*
N.Abbasova