2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-in 15,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $227,6 milyon və ya ÜDM-in 0,5%-ni təşkil edib.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2021-ci ildə neft-qaz sektoru üzrə profisit $14 milyard (artım 2,8 dəfə), qeyri-neft sektoru üzrə kəsir $5,7 milyard (artım 7,7%) təşkil edib.
2021-ci ildə bir barel neftin orta qiyməti $66,8 (2020-ci ildə $40,8) təşkil edib.
2021-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $32,1 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $11,3 milyard (artım 4,5 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 14%-i MDB, 86%-i uzaq xarici ölkələrin payına düşüb.
$21,7 milyard həcmində ixracın (artım 1,7 dəfə) strukturunda neft-qaz ixracı $19,1 milyard (artım 1,8 dəfə), neft və neft məhsullarının ixrac həcmi $13,5 milyard, o cümlədən neft ixracı $12,7 milyard təşkil edib.
$10,4 milyard həcmində idxalın (artım 3,4%) strukturunda $5 milyard istehlak mallarının, o cümlədən $1,7 milyard ərzaq mallarının payına düşüb. 2021-ci ildə ölkəyə $0,8 milyard dəyərində (bütün idxalın 8%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildə qeydə alınmış $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı $227,6 milyon və ya ÜDM-nin 0,5%-ni təşkil edib. Kəsir neftin ucuzlaşması (2020-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $64-a qarşı $41 təşkil edib) və OPEC+ çərçivəsində ixracın həcminin azalması ilə şərtlənib.*
A.Əzizov