2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 795,271 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 527,706 milyon təşkil edib. Beləliklə, 2021-ci ildə birbaşa xarici investisiyaların həcmi 5,9% artıb.
2021-ci il üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 83,5%-i (2020-ci ildə 86,6%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $790,3 milyon (artım 30,5%), xüsusi çəkisi 16,5% təşkil edib.
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($1 milyard 586,614 milyon, azalma 5,6%), Türkiyə ($700,186 milyon, artım 21,1%), ABŞ ($507,391 milyon, artım 6,8%), Malayziya ($416,62 milyon, artım 33,6%) və Kipr ($317,602 milyon, artım 39,6%) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($289,505 milyon), İran ($268,593 milyon), Norveç ($163,038 milyon), Gürcüstan ($82,442 milyon) və BƏƏ də ($71,07 milyon) daxildir.
2021-ci ildə RF-dən Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $50,744 milyon (azalma 3,1 dəfə) təşkil edib.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 6% artaraq $4 milyard 527,7 milyon təşkil edib.*
A.Əzizov