Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 10 milyard kubmetrə çatıb. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
“Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz TAP ilə Avropaya daxil olub. 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib”, - deyə məlumatda bildirilir.
Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur.
“Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir”, - deyə məlumatda qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazov martın 12-də Antalya Diplomatiya Forumu çərçivəsində bildirib ki, 2022-ci ildə Azərbaycanın Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova