2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 995 milyon 249,75 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 milyard 940 milyon 220,67 min (2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 1,8 dəfə - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $5 milyard 967 milyon 735,21 min (artım 2,1 dəfə), idxalın həcmi $1 milyard 972 milyon 485,46 min (artım 22,4%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,26%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 17,12% ərzaq məhsullarının, 0,55% tütün və tütün məhsullarının, 6,06% əczaçılıq məhsullarının, 0,25% gübrələrin, 3,43% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,22% odun və agac məhsullarının, 1,77% geyim və geyim aksessuarlarının, 7,65% qara metal və ondan hazırlanan məmulatların, 20,55% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,82% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 23,86% digər məhsulların payına düşüb.
Yanvar-fevral aylarında xarici ticarət əməliyyatlarında 4,936 min özəl və dövlət müəssisəsi və 9,412 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 139 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-fevral aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 51,5%-i), Türkiyə (10,41%), Rusiya (2,06%), Yunanıstan (3,38%), İsrail (4,35%), Ukrayna (4,31%), Portuqaliya (3,04%), Tailand (2,7%), Gürcüstan (2,7%), Böyük Britaniya (2,18%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (14,31%), Türkiyə (15,83%), Çin (15,24%), Almaniya (4,54%), Qazaxıstan (7,92%), İtaliya (2,29%), ABŞ (2,53%), Ukrayna (3,76%), İran (3,81%) və Norveç (2,05%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.**
X.Nəsirzadə